Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) teatrşünaslıq kafedrasının müəllimləri Vidadi Qafarov və Elçin Cəfərov Gürcüstanda VII Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak ediblər. Dünyada ən nüfuzlu festivallardan hesab olunan Tbilisi Beynəlxalq Teatr Festivalı 2009-cu ildən etibarən hər il keçirilir. Həm MDB ölkələrində, həmdə Avropa teatr məkanında böyük marağa səbəb olan festivalda hər il dünyanın bir çox ölkələrindən müxtəlif teatr kollektivləri iştirak edir.

ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, festival çərçivəsində Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Bizim dövrün Şekspiri və mənim ölkəm” mövzusunda elmi konfransda Elçin Cəfərov “Şekspir dramaturgiyasının “Psixosof” teatr poetikasında yozumu” adlı məruzə ilə çıxış edib.

Festivalın əsas proqramlarından olan Gürcüstan “Showcase” proqramının əsas hədəfi dünya mədəniyyət şəbəkəsinə inteqrasiyadır. Builki “Showcase” proqramına Azərbaycanla yanaşı, müxtəlif dövlətlərin teatr mütəxəssisləri qatılıb. Proqrama bu ölkələrin teatrlarının tamaşaları daxil olub. Dünyanın otuza yaxın ölkəsindən 60-dan çox teatr mütəxəssisinin qatıldığı “Showcase” iştirakçılara qarşılıqlı əməkdaşlıq, yaradıcı mübadilə, birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Tamaşalardan sonra teatrşünasların, jurnalistlərin, mütəxəssislərin iştirakı ilə müzakirələr aparılıb, seminar, treninq, ustad dərsləri və sərgilər təşkil olunub.

Səfər müddətində ADMİU-nun müəllimləri müxtəlif ölkələrdə teatr tədrisinin təşkili ilə bağlı müzakirələr aparıb, xarici ölkələrin sənət yönümlü ali məktəblərinin pedaqoji təcrübəsi ilə tanış olublar.

ADMİU-nun tələbələrinin beynəlxalq tələbə teatr festivallarında iştirakı ilə bağlı məsələlər müzakirə ediblər. Gələcəkdə bu əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və birgə layihələrin həyata keçirilməsi də planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

http://azertag.az/xeber/Medeniyyet_ve_Incesenet_Universitetinin_muellimleri_VII_Tbilisi_Beynelxalq_Teatr_Festivalinda-892824

© 2022 All Rights Reserved